image

İsveçrənin Cenevrə şəhərində “Statistik Məlumatların Toplanması” mövzusunda seminar keçirilmişdir

10.10.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin aparıcı məsləhətçisi Elistan Əzimov BMT-nın Avropa İqtisadi Komissiyası tərəfindən 2013-cü ilin 25-27 sentyabr tarixlərində Cenevrədə “Statistik Məlumatların Toplanması” mövzusunda keçirilmiş ikinci seminarda iştirak etmişdir. Seminarda Almaniya, Avstraliya, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Kanada, Macarıstan, İrlandiya, İsrail, İtaliya, İsveç, Meksika, Monqolustan, Niderland, Polşa, Portuqaliya, Koreya Respublikası, Rusiya Federasiyası, Sinqapur, Sloveniya və Türkiyə milli statistika təşkilatlarının, Avrostatın, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Valyuta Fondunun (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının nümayəndələri iştirak etmişlər.
Seminarın gündəliyinə beş mövzu daxil edilmişdir ki, bunlara da məlumat toplanması işinin mərkəzləşdirilməsi, dəyişən mühitdə məlumat toplanması işinin idarə olunması, respondent təcrübəsinin təkmilləşdirilməsi, məlumat toplanması işinin müxtəlif rejimləri, yeni məlumat mənbələrinin idarəolunması və inteqrasiyası mövzuları aid olmuşdur. Hər mövzu üzrə çıxışlar başa çatdıqdan sonra sual-cavab və müzakirələr sessiyası keçirilmişdir.
Yekun olaraq, seminar iştirakçıları tərəfindən gələcək fəaliyyət üçün ildə bir və ya iki ildə bir dəfə olmaqla məlumat toplanması işi üzrə seminarların keçirilməsinin davam etdirilməsi, ortaq elementlərin araşdırılması üçün məlumat toplanması işi və yayılması işi üzrə seminarların birləşdirilməsi, məlumat toplanması üzrə mütəxəssislər arasında təcrübə, məlumat, material, sənəd mübadiləsi üçün elektron repositorinin (anbarın) yaradılması, ümumiləşdirilmiş Statistika İnformasiya Modelinin (GSİM) tətbiqi nümunələrinin və ya tətbiqi imkanları haqqında fikirlərin toplanması və s. təkliflər irəli sürülmüşdür.