2013-cü ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

15.08.2013

2013-cü ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi və həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir. Yeddi ay ərzində məhsul istehsalı çoxalmış, xidmətlərin çeşidi genişlənmiş, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.
2013-cü ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 5.0 faiz, yaxud müqayisəli qiymətlərlə 1563.0 milyon manat artaraq 32.3 milyard manata çatmışdır. ÜDM-in 63.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 47.7 faizi sənayedə, 10.8 faizi inşaat kompleksində, 5.3 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 29.7 faiz, o cümlədən nəqliyyatda 5.6 faiz, ticarət və pullu xidmətdə 9.6 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 12.8 faiz təşkil etmişdir. ÜDM-in 6.5 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3484.7 manat (4441.3 ABŞ dolları) təşkil edərək 3.7 faiz artmışdır.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10.5 faiz artmış, neft sektorunda isə 0.6 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük paya malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 19.6 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz artmışdır. Məhsulun 74.2 faizi mədənçıxarma bölməsində, 19.9 faizi emal bölməsində, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 0.8 faiz azalmış, emal bölməsində 8.0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 0.1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 8.9 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3.4 faiz artmış, neft sektorunda isə 0.3 faiz azalmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 25.5 milyon ton, əmtəəlik qaz hasilatı 10.3 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 3.2 faiz, içki istehsalı 8.3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36.5 faiz, kağız və karton istehsalı 2.0 faiz, poliqrafiya fəaliyyəti 1.7 dəfə, neft məhsulları istehsalı 9.4 faiz, kimya sənayesi 12.7 faiz, avtomobil və qoşquların istehsalı 1.9 dəfə, kompyuter və digər elektron avadanlıqların istehsalı 43.1 faiz, tikinti materialları istehsalı 22.5 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 11.4 faiz, elektrik avadanlıqları istehsalı 14.7 faiz, sair nəqliyyat vasitələri istehsalı 2.2 dəfə, mebel istehsalı 4.2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 42.8 faiz artmışdır.
İlin yeddi ayında 12.1 milyard kV.saat, yaxud 1.3 faiz az elektrik enerjisi istehsal olunmuşdur.
Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98.2 faizi, yaxud 1016.5 min hektarı biçilmiş və həmin sahələrdən 2705.0 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 0.3 sentner artaraq 26.6 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 4.2 min hektar qarğıdalı sahəsindən 17.4 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 544.8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 23.8 min ton çox kartof, 728.3 min ton (14.8 min ton çox) tərəvəz, 166.9 min ton (4.2 min ton çox) meyvə və giləmeyvə, 297.1 min ton (1.9 min ton çox) bostan məhsulları, 394.8 ton (0.6 ton az) yaşıl çay yarpağı, 1434 ton, yaxud 135.6 ton az tütün toplanmışdır.
Bu dövrdə 259.4 min ton, yaxud 2012-ci ilin yanvar-iyul aylarına nisbətən 3.0 faiz çox diri çəkidə ət, 1080.5 min ton (7.2 faiz çox) süd, 798.6 milyon ədəd (14.1 faiz cox) yumurta, 15.4 min ton (4.0 faiz çox) yun istehsal olunmuşdur.
Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 4.3 faiz, heyvandarlıq məhsulları istehsalı 5.2 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4.8 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində 8.8 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 66.3 faizi və ya 5.8 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2012-ci ilin yanvar-iyul aylarına nisbətən inşaat işlərinə sərf olunmuş vəsaitin həcmi 23.3 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 37.9 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 74.7 faizini və ya 6.6 milyard manatını daxili vəsaitlər təşkil etmiş və 17.3 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Yeddi ay ərzində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1181,1 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 5554 şagird yerlik ümumtəhsil məktəbləri, 777 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yol, Yeraltı avtomobil dayanacağı, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminqlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Agstafa rayonunda Peyntbol və Atıcılıq Mərkəzi, Qazax rayonunda Sement zavodu, Qazax-Quşçu Ayrım avtomobil yolu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Qobustan rayonunda İdman Kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Xacmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi, Olimpiya İdman Kompleksi, Siyəzən rayonunda Gənclər Mərkəzi, Tovuz rayonunda Hemodializ Mərkəzi, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Şabran-Pirəbədil-Zeyvə avtomobil yolu və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 7055.2 milyon manat vəsaitin 3958.2 milyon manatından istifadə edilmişdir.
2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar bu proqram çərçivəsində 2013-cü il iyulun 1-nə ölkədə 419.8 min yeni, o cümlədən 320.0 min daimi iş yeri açılmış, onların 58.7 mini, o cümlədən 44.7 min daimi iş yerləri təkcə 2013-cü ilin birinci yarısında yaradılmışdır. Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 72.7 faizi regionlarda, 95.5 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 122.1 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2.3 faiz çox yük, 956.6 milyon nəfər və ya 7.8 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10.7 faizi dəmir yolu nəqliyyatı, 56.0 faizi avtomobil nəqliyyatı, 5.7 faizi dəniz nəqliyyatı, 27.6 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.2 faizi avtomobil, 12.5 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 845.5 milyon manat dəyərində və ya ötən ildə olduğundan 6.9 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 76.6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2013-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 7.2 faiz artaraq 18.9 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 5.8 faiz artaraq 2040.8 manata (orta hesabla ayda 291.5 manata) çatmışdır. Gəlirlərin 68.9 faizi son istehlaka, 9.3 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyun aylarında 6.8 faiz artaraq 410.8 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 638.7 manat, tikinti kompleksində 605 manat, nəqliyyatda 523.3 manat, rabitədə isə 665.9 manat təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin yeddi ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.2 faiz artaraq 10.7 milyard manata, pullu xidmətlərin həcmi isə 6.8 faiz çoxalaraq 3.3 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 52.1 faizini ərzaq məhsulları, 47.9 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 0.2 faiz və 21.8 faiz artmışdır.
2013-cü ilin yeddi ayında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1235.5 min manatlıq qeyri-ərzaq malları və 95.9 min manatlıq ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ilin yanvar-iyun aylarında aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 5.4 faiz artaraq 17.1 milyard dollar təşkil etmiş, 88.4 faizi və ya 15.1 milyard dolları uzaq xarici dövlətlərlə, 2.0 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Altı ay ərzində ölkəmizdən xarici ölkələrə 11.9 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 11.2 milyard dolları uzaq xarici dövlətlərə, 738.7 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Qeyri-neft məhsullarının ixracı altı ay ərzində sabit qiymətlərlə 13.5 faiz artmışdır.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 5.2 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 3.9 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1.3 milyard dollar olmuşdur.
Altı ay ərzində 6.8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 7.3 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 515.7 milyon dollar məbləğində mənfi saldo yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 21.6 milyard dollar (o cümlədən ixrac 16.4 milyard dollar) təşkil etmiş, 2.6 faiz artmış və saldo 11.2 milyard dollar olmuşdur.
Yanvar-iyun aylarında 12.1 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Ölkədə üç ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunmaqdadır. İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.7 faiz ucuzlaşmış, xidmət tarifləri 0.1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalmışdır. Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.3 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyun aylarında dövlət büdcəsinə 9.5 milyard manat həcmində, yaxud 2012-ci ilin müvafiq dövründəkindən 17.1 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 8.7 milyard manat və ya 2012-ci ilin müvafiq dövrünə nisbətən 22.8 faiz çox vəsait xərclənmiş, 794.3 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.9 faizi qədər profisit yaranmışdır.
Büdcə vəsaitlərinin 3849,8 milyon manatı (44,1 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 906,5 milyon manatı (10,4 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 839,7 milyon manatı (9,6 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir.
Xərclərin 19,0 faizini (1657,3 milyon manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir.
2013-cü il iyul ayının 1-i vəziyyətinə ölkə bankları tərəfindən verilən və iqtisadiyyatda istifadə olunan kreditlərin həcmi 13,8 milyard manata çatmış və keçən ilin müvafiq dövrünə nisbətən 28.3 faiz artmışdır. Kredit qoyuluşunun 34,5 faizi dövlət, 62,9 faizi özəl banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 76,5 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,7 faizinin ödənilmə vaxtı keçmişdir.
2013-cü il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 5922,2 milyon manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artmışdır. Əmanətlərin 3583,8 milyon manatı və ya 60,5 faizi milli,
2338,4 milyon manatı isə xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 44,5 faiz və 23,6 faiz artmışdır.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.78 manat, 1 Avroya 1.03 manat, 100 Rusiya rubluna 2.39 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0.78, 1.03 və 2.51 manat təşkil etmişdir.

2013-cü ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Göstəricilər 2013-cü ilin yanvar-iyul ayları faktiki, milyon manat 2013-cü ilin yanvar-iyul ayları 2012-сi ilin yanvar-iyul aylarına nisbətən, faizlə Məlumat üçün:
2012-ci ilin yanvar-iyul ayları 2011-сi ilin yanvar-iyul aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 32 296.70 105 101.6
o cümlədən qeyri-neft ÜDM-si 17 714.50 110.5 110.5
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi 19 621.3 100.4 97.2
o cümlədən qeyri-neft sənayesi 3 898.8 103.4 107.3
Əsas kapitala yönəldilmiş vəsaitlər 8 798.8 123.3 127.2
o cümlədən qeyri-neft sektoruna 6 154.7 119.6 128.1
Kənd təsərrüfatı məhsulu 3 096.30 104.8 106.8
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 122.1 102.3 103.8
o cümlədən qeyri-neft yüklərinin daşınması 84.6 105.2 108.4
İnformasiya və rabitə xidmətlərinin həcmi 845.5 106.9 118.5
Pərakəndə ticarət dövriyyəsi 10 651.2 109.2 109.3
Əhaliyə göstərilən pullu xidmətlər 3 300.5 106.8 107.5
Dövlət büdcəsinin gəlirləri 9 524.5x) 117.1xx) 145.0xxx)
Dövlət büdcəsinin xərcləri 8 730.2x) 122.8xx) 145.6xxx)
Dövlət büdcəsinin profisiti 794.3 - -
Əhalinin gəlirləri 18 914.4 107.2 114
Hər nəfərə düşən gəlirlər, manat 2 040.8 105.8 112.4
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 410.8x) 106.8xx) 108.3 xxx)
İstehlak qiymətlərinin indeksi x 102.1 102
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 21 569.4x) 102.63) х
o cümlədən:
ixrac 16 394.9x) 98.93) х
ondan qeyri-neft məhsulu ixracı 902.8x) 113.53) 105.04)
idxal 5 174.5x) 114.13) 100.54)
Gömrük məlumatı2) :
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 17 144.5x) 105.43) 92.44)
o cümlədən:
ixrac 11 970.0x) 101.63) 89.54)
idxal 5 174.5x) 114.13) 100.54)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2013-cü ilin yanvar-iyunu 2012-ci ilin yanvar-iyununa nisbətən, müqayisəli qiymətlərlə;
4) 2012-ci ilin yanvar-iyunu 2011-ci ilin yanvar-iyununa nisbətən, müqayisəli qiymətlərlə;
x) 2013-cü ilin yanvar-iyunu;
xx) 2013-cü ilin yanvar-iyunu 2012-ci ilin yanvar-iyununa nisbətən;
xxx) 2012-ci ilin yanvar-iyunu 2011-ci ilin yanvar-iyununa nisbətən.