image

Almaniya Federativ Respublikasının Berlin şəhərində “Statistikada kommunikasiya”ya dair seminar təşkil edilmişdir

13.06.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin sektor müdiri Vüqar Məmmədəlizadə 2013-cü ilin 27-29 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası tərəfindən Almaniya Federativ Respublikasının Berlin şəhərində təşkil edilmiş “Statistikada kommunikasiya”ya dair işçi sessiyada iştirak etmişdir.
İşçi sessiyanın keçirilməsində əsas məqsəd statistikada kommunikasiya və məlumatların yayılması, istifadəçilərlə iş, loqistika sahəsində ölkələrin yaxşı təcrübələrinin öyrənilməsi, mübadiləsi və digər ölkələrə tövsiyə edilməsindən ibarət olmuşdur.
İşçi sessiyada 37 ölkənin statistika qurumlarından, eləcə də Avrostatın, BMT-nin Statistika şöbəsinin, BMT‐nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avropa Mərkəzi Bankının, Beynəlxalq Valyuta Fondunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT‐nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (YUNESKO) nümayəndələri iştirak etmişlər.
Ümumilikdə 3 gün davam edən tədbir 5 sessiyaya bölünmüş və çap nəşrlərdən elektron nəşrlərə keçid; kommunikasiyada dəyişikliklər; istifadəçi tələbatlarının başa düşülməsi və ödənilməsi; kommunikasiya metodologiyasında ən yaxşı təcrübələr; kommunikasiya üçün gələcək ideyalar haqqında mövzular üzrə qruplaşdırılmışdır.
İstifadəçi tələbatlarının başa düşülməsi və ödənilməsi mövzusunda Fransa, Rusiya, ABŞ Kənd təsərrüfatı departamenti, Britaniya Milli Statistika Ofisi, İƏİT və BVF-nin nümayəndələri çıxış etmişlər. Qeyd edilmişdir ki, istifadəçilərlə əks əlaqələrin qurulması hər bir təşkilatın inkişafı üçün vacib məsələlərdəndir. Tədbirdə hər il yeni mövzuların seçilməsi; bir neçə dəqiq mövzular üzrə əks əlaqələrin qurulması; əməkdaşlarla iş; peşəkar və qeyri-peşəkar istifadəçilərlə sorğuların keçirilməsi; müxtəlif peşələrdən olan istifadəçilərlə sorğuların keçirilməsi; dərhal tədbirlərin görülməsi və s. məsələlərin həlli; əks əlaqələrin toplanması üçün müxtəlif metodların tətbiqi haqqında məsələlər müzakirə olunmuşdur.
Tədbirin sonuncu günü kommunikasiyada gələcək ideyalar mövzusu ilə bağlı çıxışlar dinlənilmişdir. Qeyd edilmişdir ki, ASS-nin son zamanlarda loqosu yeni dizaynda işlənilmiş, bunun üçün 2011-ci ildə müxtəlif müəlliflər tərəfindən işlənərək irəli sürülmüş 8 təklif içərisindən 1-i Avropa Birliyi dövlətlərinin səs verməsindən sonra bəyənilmişdir, həmçinin ASS veb-saytı yenilənmiş və ASS-də görülən işlərlə bağlı illik hesabat nəşr olunaraq veb-saytda yerləşdirilmişdir.