Dövlət Statistika Komitəsində statistika məlumatlarının keyfiyyəti ilə bağlı məruzələr hazırlanmışdır

13.06.2013

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində istifadəçilərə təqdim olunan statistik məlumatların aktuallığını, dəqiqliyini, uyğunluğunu, şəffaflığını, məlumata bərabər giriş imkanlarını xarakterizə edən keyfiyyət məruzələrinin hazırlanmasına başlanılmışdır. Məruzələr “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ sənədlərə, Dövlət Statistika Komitəsinin Normalar Məcəlləsi çərçivəsində keyfiyyətin idarə olunması sisteminə əsaslanır. Bununla istifadəçilərin statistika orqanlarında statistik istehsal prosesinin bütün mərhələlərində yüksək keyfiyyət standartlarının tətbiq edildiyini və onlara riayət olunması haqqında məlumatlarla tanış olmaq imkanı yaranacaqdır. Statistik məhsulun zəif və güclü tərəflərini təhlil etməyə imkan verən keyfiyyət məruzələri, həmçinin müqayisəni asanlaşdıracaqdır.
Qeyd olunanlarla əlaqədar, Dövlət Statistika Komitəsində əsas statistik məhsullara (göstəricilərə) dair 23 (iyirmi üç) adda, o cümlədən, ümumi daxili məhsul göstəricisinin hesablanmasına dair; məhsul istehsalına, xidmətlərin göstərilməsinə çəkilən xərclərin tərkibinin öyrənilməsi üzrə birdəfəlik statistika müayinəsinə dair; bələdiyyə orqanının büdcəsinin icrasının statistik müşahidəsinə dair; sığortaçıların (təkrarsığortaçıların) və hüquqi şəxs sığorta brokerlərinin fəaliyyətlərinin statistik müşahidəsinə dair; sənaye istehsalı indeksi göstəricisinin hesablanmasına dair; əsas kapitala yönəldilmiş investisiya göstəricisinin hesablanmasına dair; enerji balansının tərtib olunmasına dair; heyvandarlıq statistikasına dair; bitkiçilik statistikasına dair; atmosfer havasına atılan çirkləndirici maddələr üzrə statistikaya dair; nəqliyyat sektorunda yük daşınması statistikasına dair; turizm statistikasına dair; hüquqpozmalar statistikasına dair; daxili ticarət statistikasına dair; xarici ticarət statistikasına dair; istehsalçı qiymət indekslərinə dair; idxal və ixrac olunan malların qiymət indekslərinə dair; yükdaşıma tarifləri indeksinə dair; istehlak qiymətləri indeksinə dair; əhalinin sayının hesablanmasına dair; ev təsərrüfatlarının tədqiqatı statistikasına dair; muzdlu işçilərin sayı və əmək haqqı göstəricisinin hesablanmasına dair; ərzaq balanslarına dair keyfiyyət məruzələri hazırlanaraq Komitənin internet səhifəsində yerləşdirilmişdir (http://www.stat.gov.az/menu/2/quality/).
Keyfiyyət məruzələrinin əhatə dairəsinin daha da genişləndirilməsi və hər bir məlumat üzrə hazırlanması nəzərdə tutulmuşdur.