Çernoqoriyanın (Monteneqro) Budva şəhərində aqro-ekoloji göstəricilərə dair seminar keçirilmişdir

23.05.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov 13-15 may 2013-cü il tarixdə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Çernoqoriyanın (Monteneqro) Budva şəhərində keçirilmiş aqro-ekoloji göstəricilərə dair seminarda iştirak etmişdir.
Sözü gedən tədbirdə MDB ölkələrindən, Serbiya, Sloveniya, Montenegro, Türkiyə, Gürcüstan və Litvadan, eyni zamanda, BMT-nin Avropa İqtisadi Komissiyasından ümumilikdə kənd təsərrüfatı və ekologiya sahəsi üzrə 34 mütəxəssis iştirak edirdi.
Seminarın əsas məqsədi dünyada baş verən istehsal prosesi zamanı insanların ətraf mühitə təsirini öyrənmək üçün əldə edilən aqro-ekoloji göstəriciləri ölkələr üzrə müzakirə etmək və mövcud problemlərin birgə həlli yollarını araşdırmaqdan ibarət olmuşdur.
Seminarın birinci günü UNECE-nin aqro-ekologiya üzrə ekspertləri tərəfindən bu sahə üzrə ümumi məlumat verilmiş, onun əhəmiyyəti barədə fikirlər söylənilmişdir.
Seminarda kənd təsərrüfatında istehsal prosesi zamanı ətraf mühitə təsir edən əsas faktorlar kimi bitkilərin mühafizəsi və inkişafı üçün istifadə edilən pestisid və mineral gübrələr xüsusi olaraq vurğulanmış, onlar barəsində (tərkibi, quruluşu, qidalandırıcı vasitələrə çevrilmə əmsalları) çoxsaylı təqdimatlar edilmişdir.
Seminarın ikinci günü iştirakçı ölkələr üzrə pestisidlər və mineral gübrələrlə əlaqədar təqdimatlar edilmiş və mövcud vəziyyət müzakirə edilmişdir.
Seminarın sonunda UNECE-nin ekspertləri tərəfindən "Ozon təbəqəsini dağıdan maddələr üzrə Monreal Protokolu", "Təhlükəli tullantıların transsərhəd daşınması və onların məhvinə nəzarət üzrə Bazel Konvensiyası" və "Bərk üzvi çirkləndiricilərin məhv edilməsinə dair Stokholm Konvensiyası" barədə təqdimatlarla çıxış etmişlər.