Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov statistik informasiya sisteminin idarə olunmasına dair Paris şəhərində keçirilmiş tədbirdə iştirak etmişdir

03.05.2013

Dövlət Statistika Komitəsi sədrinin müaviniYusif Yusifov 23-25 aprel 2013-cü il tarixdə BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Avropa Statistika Bürosu (Avrostat) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ilə birlikdə Paris şəhərində “Statistik informasiya sisteminin idarə olunması” mövzusunda təşkil etdiyi görüşdə iştirak etmişdir.
Tədbir Avropa Statistikləri Konfransının işçi proqramına uyğun olaraq, Strateji inkişaf üzrə yüksək səviyyəli qrup (HLG-BAS) tərəfindən dəstəklənən təşəbbüs əsasında baş tutmuşdur. Görüşdə statistika istehsalının standart əsaslara söykənən müasir mexanizm və strukturları, o cümlədən Statistik Biznes Proseslərin Ümumi Modeli (GSBPM) və Ümumi Statistik İnformasiya Modeli (GSİM) üzrə arxitektura, statistik məlumat axınının tənzimlənməsi, innovasiya və əməkdaşlıq məsələləri olmaqla 4 mövzu müzakirə olunmuşdur. Bununla yanaşı, ayrı-ayrı beynəlxalq təşkilatların və ölkələrin təcrübələri haqqında məlumat verilmiş, inkişaf məqsədilə yeni yollar və vasitələrlə bağlı təkliflər irəli sürülmüşdür.
Tədbirdə 29 ölkənin statistika qurumlarından və 8 beynəlxalq təşkilatdan ümumilikdə 67 nəfər mütəxəssis iştirak etmişdir. Eyni mövzu üzrə tədbir paralel olaraq, BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkok şəhərində də təşkil olunmuş, görüş ərzində qarşılıqlı, onlayn virtual əlaqə yaradılmış, çıxışlar və təqdimatlar olmuş, interaktiv müzakirələr aparılmışdır.
Görüşdə statistika sisteminin inkişafının sürətləndirilməsi sahəsində beynəlxalq səviyyədə atılmış bir sıra addımlar, o cümlədən informasiya texnologiyalarının istehsal prosesinə inteqrasiya olunması, texnologiyaların tətbiqi ilə bağlı məlumatların toplanması, işlənməsi və yayılmasında yeni metod və üsullardan istifadə, standartlar, məlumatların keyfiyyətinin artırılmasında yeni innovativ fəaliyyətlərin həyata keçirilməsi haqqında məlumat verilmişdir. Statistika istehsalının standartlaşdırılması üçün qəbul olunmuş modellərin tətbiqi üzrə təcrübələr və problemlər haqqında fikir mübadiləsi aparılmışdır.
Statistikanın inkişafı naminə innovasiyaların dəstəklənməsi, yeni ideyaların statistikaya tətbiqi və fəaliyyətlərin daha yaxşı təşkil olunması ilə bağlı təqdimatlar həyata keçirilmişdir.
Sonda əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasında ekspert şəbəkəsinin yaradılması, strateji məsləhətçilər qrupunun təsis olunması, regional dialoqların təşkili haqqında məlumat verilmişdir. Standartlaşdırmanın vaxt tələb edən proses olması, himayəçiliyin vacibliyi, Avropa Statistika Sistemi çərçivəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlar tərəfindən müvafiq proqram təminatlarının pulsuz təchizatı məsələləri qeyd olunmuşdur.