Tikinti haqqında

15.01.2013

Ölkənin tikinti kompleksində dinamik inkişaf 2012-ci ildə davam edərək bütün maliyyə mənbələrindən əsas kapitala 15,3 milyard manat və ya əvvəlki ilə nisbətən 18,0 faiz çox vəsait yönəldilmiş, onun 78,8 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 43,4 faizi məhsul istehsalı, 56,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,3 faizini təşkil etmişdir.
İl ərzində Bakı şəhərində Metal konstruksiyalar zavodu, Bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları, “Baku Crystal Hall” İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, “Qafqaz Baku City Hotel and Rezidences” və “JW Marriott Absheron”, “Four Seasons” otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, “8 KM” Stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində “Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzi zavodları, Ağsu rayonunda Ağsu çayı üzərində körpü, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Beyləqan rayonunda Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu, Bərdə rayonunda Çörək istehsalı müəssisəsi, Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsi, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Füzuli rayonunda “Qarabağ Broyler” fabriki, Soyuducu anbar kompleksi, Şahmat Məktəbi, Su Elektrik Stansiyası, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, İmişli rayonunda “Araz” Damazlıq quşçuluq fabriki, “Kraun-Co” Taxıl anbarı kompleksi və Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, “Qusar-1” Kiçik Su Elektrik Stansiyası, “Zirvə” və “Qaya” otelləri, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Saatlı rayonunda Şahmat Məktəbi, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Şəki rayonunda “Shaki Palace” oteli, Taxıl anbarı və dəyirman kompleksi, Tərtər rayonunda Süd emalı zavodu və Soyuducu anbar kompleksi, Tovuz rayonunda “Ayan Palace” oteli, Yevlax rayonunda Regional İnformasiya Mərkəzi, Avtovağzal kompleksi və digər obyektlər istifadəyə verilmişdir.
Bundan əlavə, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1757,4 min kvadrat metr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 996 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 47468 şagird yerlik ümumtəhsil məktəbi, 1115 yerlik məktəbəqədər təhsil müəssisəsi və 140 yerlik klub tikilmişdir.

Tel: 539-87-17