Dövlət Statistika Komitəsi nümayəndələrinin İsveçrənin Cenevrə şəhərində “Statistik məlumatların toplanması üçün yeni hüdudlar” mövzusunda təşkil edilmiş seminarda iştirakları haqqında

14.11.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi şöbəsinin müdir müavini Q.Əliyev və Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi A.Sultanova cari ilin 31- oktyabr-2 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası tərəfindən İsveçrənin Cenevrə şəhərində “Statistik məlumatların toplanması üçün yeni hüdudlar” mövzusunda təşkil edilmiş seminarda iştirak etmişlər. Seminarda dünyanın bir çox ölkələrindən, o cümlədən Avstraliya, Avstriya, Belçika, Kanada, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Cənubi Koreya, Meksika, Hollandiya, Yeni Zellandiya, Norveç, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya, İsveç, Türkiyə, İngiltərə və Amerika Birləşmiş Ştatları kimi ölkələrin statistika xidmətlərinin mütəxəssisləri iştirak etmişlər. Seminarda həmçinin müşahidəçi qismində Avrostatın, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının mütəxəssisləri iştirak edirdi.
Seminarda yeni məlumat mənbələri, yeni metod və texnologiyalar, yeni məlumat mənbələrinin istifadəsində hüquqi və institusional aspektlər, müxtəlif mənbələr və qarışıq rejimdən istifadə etməklə məlumatların toplanması, adi alət və metodların köməyi ilə qənaətlilik səviyyəsi ilə bağlı mövzular müzakirə olunmuşdur.
Yeni məlumat mənbələrinin istifadəsində hüquqi və institusional aspektlər mövzusu üzrə seminara rəhbərliyi İrlandiya Mərkəzi Statistika İdarəsindən cənab Conn Dunn edirdi. Nümayəndələrimiz “Azərbaycanın rəsmi statistikasında yeni məlumat mənbələrinin istifadəsi ilə bağlı hüquqi və institusional aspektlər” adlı maraqlı təqdimatla çıxış etmişlər. Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Xüsusilə İrlandiya və Rusiya Federasiyasının mütəxəssisləri bu mövzu ilə bağlı aparılan müzakirələrdə və sualların verilməsində aktiv iştirak etmişlər. Təqdimatda qeyd edilmişdir ki, bu gün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində inzibati mənbələrin əməkdaşlığa cəlb edilməsi və inzibati mənbə məlumatlarından statistik müşahidələrin təşkilində istifadə əsas prioritet sahələrdən biridir və bu sahədə fəaliyyətin daha yaxşı təşkil olunmasına qanunvericilik tam imkan verir. Statistik məqsədlər üçün dövlət statistika orqanları tərəfindən inzibati məlumatların alınması və istifadəsi “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu, mərkəzi və yerli statistika orqanlarının əsasnamələri ilə icazə verilir, həmçinin Azərbaycan Respublikası dövlət statistika orqanlarının Normalar Məcəlləsinin “məlumatların toplanması üzrə səlahiyyət” prinsipinə uyğundur.
Bildirilmişdir ki, Dövlət Statistika Komitəsi tərəfindən statistik məlumatları əks etdirən statistik vahidlərin Dövlət registri aparılır, orada təsərrüfatçılıq-sahibkarlıq fəaliyyəti göstərən və qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyətini, əsas və qeyri-əsas fəaliyyətini səciyyələndirən ünvan və iqtisadi göstəricilər əks etdirilir. Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət registrini aparan müvafiq icra hakimiyyəti orqanlarından alınmış və digər məlumatlar əsasında statistik vahidlərin dövlət registrinin tərtib edilməsi və aparılması Dövlət Statistika Komitəsinin vəzifəsidir. Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət registrini aparan müvafiq icra hakimiyyəti orqanlarından statistik vahidlərin Dövlət registrinin tərtib edilməsi və aparılması üçün zəruri olan məlumatları almaq Dövlət Statistika Komitəsinin hüququdur. Dövlət Statistika Komitəsinin bu vəzifəsi və hüququ Qanunla və Dövlət Statistika Komitəsinin Əsasnaməsi ilə təsdiqlənir.
Daha sonra müvafiq icra hakimiyyətləri ilə inzibati məlumatların toplanması ilə əlaqədar əldə edilmiş razılaşmalar və onların səciyyəsi barədə məlumat verilmiş və suallar cavablandırılmışdır.
Digər ölkələr tərəfindən də maraqla qarşılanan çıxışlar olmuşdur.