Dövlət Statistika Komitəsi nümayəndəsinin “Məlumat bazasının təkmilləşdirilməsi və məlumat mübadiləsinin formatları” mövzusunda Şərq və Cənub regionları üçün təşkil edilmiş ikinci iclasda iştirakı haqqında

09.10.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi müdirinin müavini Çimnaz Əliyeva 19-21 sentyabr 2012-ci il tarixlərində, Ətraf mühit üzrə Avropa Agentliyinin keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Skopye şəhərində təşkil etdiyi ENPİ-SEİS (Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti - Ekologiyaya dair İnformasiyanın Birgə Sistemi) layihəsi çərçivəsində İnformasiya Texnologiyaları üzrə Regional İşçi Qrupunun "Məlumat bazasının təkmilləşdirilməsi və məlumat mübadiləsinin formatları" haqqında Şərq və Cənub regionları üçün ikinci iclasında iştirak etmişdir. İclasda Cənubi Qafqaz, Belarus, Rusiya Federasiyası, Ukrayna, İsveç, İsrail, Misir, İordaniya, Tunis, Danimarka və Makedoniya dövlətlərinin statistika və ekologiya orqanlarının əməkdaşları, eləcə də Ətraf mühit üzrə Avropa Agentliyinin, Avropa Statistika Bürosunun və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Seminar 2012-ci ilin sentyabr ayının 7-dək "Ekoloji İnformasiyanın Birgə Sisteminin yaradılması üzrə Avropa qonşuluq və əməkdaşlıq layihəsi" çərçivəsində Ətraf Mühit üzrə Avropa Agentliyi tərəfindən 11 göstərici üzrə metaməlumatlara dair (Şərq regionu üçün) toplanmış məlumatların qiymətləndirilməsi və Ətraf mühit üzrə göstəricilərə (Cənub regionu üçün) dair yerinə yetirilmiş işlərin əks etdirilməsi və mübadilə üzrə məlumat strukturu imkanlarının mümkün formatının və vasitələrinin müzakirəsi məqsədilə keçirildi.
Şərq və Cənub regionlarının birgə iştirak etdiyi tədbir keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Ekologiya və Ətraf Mühit Naziri Abdülhakim Ademi açdı. İclasda əsas diqqət Şərg regionu üçün "Ekoloji İnformasiyanın Birgə Sisteminin yaradılması üzrə Avropa qonşuluq və əməkdaşlıq layihəsi" çərçivəsində Ətraf Mühit üzrə Avropa Agentliyi tərəfindən 11 göstəricilərə dair metaməlumatların müzakirəsinə yönəlmişdir. İnformasiya texnologiyalarının inkişafı, məlumat bazasının təkmilləşdirilməsi və məlumat mübadiləsi üçün vahid standartdan istifadə etmək məqsədilə Avropa Statistika Bürosu və Ətraf mühit üzrə Avropa Agentliyi metaməlumatlarla əlaqəli olan SDMX standartından bütün ölkələrin milli orqanlarına istifadə etməyi tövsiyə edir.
SDMX (Statistik (meta) məlumat mübadiləsi üçün standart)- məlumatlar və metaməlumatların kodlaşdırılması, mübadiləsi və yayılması sahəsində standart kimi qəbul edilmışdir. SDMX standartı XML (eXtensible Markup Language "” genişləndirilmiş işarə dili olmaqla, istifadəsi W3C (World Wide Web Consortium) təşkilatı tərəfindən tövsiyə olunub) formatını dəstəkləyir. Bu format həm insanlar, həm də informasiya texnologiyaları tərəfindən sadə oxuna biləcək sənədlər yaratmağa malikdir. İnformasiya texnologiyaları üzrə işçi qrupun məqsədi milli koordinatorlar tərəfindən işlənib hazırlanan göstəricilərin əsas toplusu üçün texniki və institusional baxımdan məlumatların əldə edilmə mümkünlüyünü müəyyən etmək, EİBS prinsiplərinə uyğun olaraq, müntəzəm məlumat axınları üçün davamlı ümumi struktur, format və texniki həllər üzrə razılıq əldə etmək, metaməlumat üzrə məlumat bazasının təkmilləşdirilməsi imkanlarını və məlumat mübadiləsi üçün optimal yolların öyrənilməsidir.