2012-ci ilin birinci yarısında ölkənin iqtisadi və sosial inkişafının əsas makroiqtisadi göstəriciləri

13.07.2012


2012-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.5 faiz, yaxud müqayisəli qiymətlərlə 369.2 milyon manat artaraq 25.9 milyard manata çatmışdır. ÜDM-in 67.7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54.0 faizi sənayedə, 9.2 faizi inşaat kompleksində, 4.5 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26.3 faiz, o cümlədən nəqliyyatda 4.9 faiz, ticarət və pullu xidmətdə 8.4 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 11.3 faiz təşkil etmişdir. ÜDM-in 6.0 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 2828.0 manat (3597.5 ABŞ dolları) olmuşdur.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 11.3 faiz artmış, neft sektorunda isə 6.4 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 17.5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.0 faiz azalmışdır. Məhsulun 77.1 faizi mədənçıxarma bölməsində, 17.6 faizi emal bölməsində, 4.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2011-ci ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5.4 faiz azalmış, emal bölməsində 13.6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 4.3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 4.8 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8.7 faiz artmış, neft sektorunda isə 5.2 faiz azalmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 22.2 milyon ton, əmtəəlik qaz hasilatı 8.8 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 5.2 faiz, içki istehsalı 11.6 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 98.8 faiz, geyim istehsalı 65.2 faiz, poliqrafiya fəaliyyəti 2.1 dəfə, rezin və plastik məmulatlar istehsalı 3.4 dəfə, tikinti materialları istehsalı 22.9 faiz, metallurgiya sənayesi məhsulları 12.1 faiz, hazır metal məmulatları istehsalı 82.0 faiz, kompüter və digər elektron avadanlıqları istehsalı 12.9 dəfə, elektrik avadanlıqları istehsalı 3.1 dəfə, maşın və avadanlıqların istehsalı 14.4 faiz, sair nəqliyyat vasitələri istehsalı 14 faiz, mebel istehsalı 3.5 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 13.1 faiz artmışdır.
İlin ilk yarısında 10.6 milyard kv.saat, yaxud 10.5 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Aqrar bölmədə yaz tarla işləri başa çatmışdır. İyun ayının 22-nə kimi 373.7 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 31.7 min hektar sahədə dənli və dənli paxlalılar, 35.8 min hektar sahədə dən üçün qarğıdalı, 78.0 min hektar sahədə tərəvəz, 66.0 min hektar sahədə kartof, 29.1 min hektar sahədə pambıq, 30.0 min hektar sahədə bostan bitkiləri, 3.6 min hektar sahədə şəkər çuğunduru, 10.7 min hektarda dən üçün günəbaxan, 1530 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 23.6 min hektar azalmış, eyni zamanda dənli və paxlalıların əkin sahəsi 2.0 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 2.2 min hektar, kartofun əkin sahəsi 841 hektar, tütünün əkin sahəsi 95 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 606.6 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1606.9 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 119.7 min hektar çox sahənin taxılı biçilmiş və 415.0 min ton çox məhsul toplanmış, məhsuldarlıq 2.0 sentner yüksələrək hər hektardan orta hesabla 26.5 sentnerə bərabər olmuşdur.
Yığım başlanandan tarlalardan 245.8 min ton kartof, 315.3 min ton tərəvəz, 71.6 min ton meyvə və giləmeyvə, 48.0 min ton bostan məhsulları, 54.0 ton tütün, 277.7 ton yaşıl çay yarpağı toplanmışdır. 2011-ci ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8.4 min ton, yaxud 2.7 faiz, bostan məhsulları istehsalı 19.2 min ton (66.4 faiz), tütün istehsalı 16.7 ton (44.8 faiz), meyvə və giləmeyvə istehsalı 8.8 min ton (14.0 faiz) artmış, kartof istehsalı 20.6 min ton və ya 7.7 faiz, yaşıl çay yarpağı istehsalı 8.3 ton (2.9 faiz) azalmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1.5 faiz artaraq 2703.5 min başa, qoyun və keçilərin sayı 1.3 faiz çoxalaraq 8741.2 min başa çatmışdır. Bu dövrdə 3.2 faiz çox və ya diri çəkidə 214.6 min ton ət, 7.3 faiz çox, yaxud 856.4 min ton süd, 16.0 faiz az və ya 600.4 milyon ədəd yumurta, 3.0 faiz çox, yaxud 14.6 min ton yun istehsal edilmişdir.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 17.5 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 10.4 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində 5.9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57.1 faizi və ya 3.4 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 29.6 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 29.5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 77.9 faizini və ya 4.6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 38.8 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Altı ay ərzində ümumi sahəsi 796.7 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 280 yerlik məktəbəqədər uşaq müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Heydər Əliyev Mərkəzi, "Bakı Crystal Hall" İdman-Konsert Kompleksi, "Qafqaz Bakı City hotel and Rezidences" və JW Marriott Absheron" otelləri, Zirə İdman kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa maqistral avtomobil yolu, Sumqayıt şəhərində "Azğüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal zavodları, Gəncə şəhərində Alüminium zavodu kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Məktəbi, Masallı rayonunda Soyuducu anbar və İstixana Kompleksləri, Astara rayonunda Olimpiya İdman kompleksi, Kijəba-Ojakəran və Kijəba-Qəcimardə avtomobil yolu, Qazax rayonunda Konserv zavodu və Şahmat Məktəbi, Tovuz rayonunda "Ayan Palace" oteli, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5924.4 milyon manat vəsaitin 2402.9 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 103.3 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3.7 faiz çox yük, 761.2 milyon nəfər və ya 8.8 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10.7 faizi dəmir yolu nəqliyyatı, 54.1 faizi avtomobil nəqliyyatı, 6.3 faizi dəniz nəqliyyatı, 28.9 faizi boru kəmərləri ilə, sərnişinlərin 86.6 faizi avtomobil, 13.1 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 643.5 milyon manat dəyərində və ya ötən ildə olduğundan 17.9 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 74.3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2012-ci ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 14.2 faiz artaraq 15.1 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12.7 faiz artaraq 1651.2 manata (orta hesabla ayda 275.2 manata) çatmışdır. Gəlirlərin 63.2 faizi son istehlaka, 9.0 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25.7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 8.1 faiz artaraq 382.6 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 590.9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 551.5 manat təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması ticarət şəbəkəsindən daha çox istehlak mallarının alınmasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.2 faiz artaraq 8.2 milyard manata, pullu xidmətlərin həcmi isə 8.0 faiz çoxalaraq 2.5 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 56.9 faizini ərzaq məhsulları, 43.1 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 0.9 faiz və 23.2 faiz artmışdır.
2012-ci ilin birinci yarısında elektron ticarət vasitəsilə alıcılara 613.2 min manatlıq qeyri-ərzaq malları və 34.6 min manatlıq ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ilin yanvar-may aylarında aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz azalaraq 14.4 milyard dollar təşkil etmiş, 90.4 faizi və ya 13.0 milyard dolları uzaq xarici dövlətlərlə, 1.4 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Beş ay ərzində ölkəmizdən xarici ölkələrə 10.7 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 442.7 milyon dollarlıq həcmi MDB ölkələrinə, 10.3 milyard dollar dəyərində mallar isə digər xarici dövlətlərə ixrac olunmuşdur.
Qeyri-neft məhsullarının ixracı beş ay ərzində 10.0 faiz artmışdır.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 3.7 milyard dollar təşkil etmişdir. MDB ölkələrindən gətirilmiş malların dəyəri 934.4 milyon dollar, digər xarici ölkələrdən ölkəmizə daxil olmuş malların dəyəri 2.8 milyard dollar olmuşdur.
Beş ay ərzində xarici ticarətdə 7.1 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 18.9 milyard dollar (o cümlədən ixrac 15.2 milyard dollar) təşkil etmiş, 6.4 faiz azalmış və müsbət saldo 11.6 milyard dollar olmuşdur.
Yanvar-may aylarında 13.4 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Ölkədə aprel ayından başlayan deflyasiya iyun ayında da davam etmiş, may ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri may ayının səviyyəsində qalmışdır. Eyni zamanda, qiymət və tariflər altı ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.7 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 6.7 milyard manat həcmində, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 39.2 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 5.6 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 53.4 faiz çox vəsait xərclənmiş, 1066.8 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 5.1 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 39.3 faizi və ya 2.2 milyard manatı iqtisadiyyatın inkişafına, 14.8 faizi, yaxud 838.4 milyon manatı sosial müdafiə və sosial təminata, 11.2 faizi və ya 634.9 milyon manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 25.3 faizi və ya 1.4 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği iyun ayının 1-i vəziyyətinə 10.6 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 21.3 faiz artmışdır. Verilmiş kreditlərin 7.7 milyard manatı uzunmüddətli olmuş, 720.1 milyon manatının ödəmə müddəti ötmüşdür.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 30.7 faiz artaraq iyun ayının 1-nə 4.3 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.9 milyard manat olmuşdur.
İyun ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 0.99 manat, 100 Rusiya rubluna 2.39 manat, yanvar-iyun aylarında isə müvafiq olaraq 0.79, 1.02 və 2.57 manat təşkil etmişdir.