2011-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

12.08.2011


2011-ci ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi və həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir. Yeddı ay ərzində məhsul istehsalı çoxalmış, xidmətlərin çeşidi genişlənmiş, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.
İlin əvvəlindən ötən dövrdə 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.1 faiz, yaxud müqayisəli qiymətlərlə 267.9 milyon manat artaraq 26.5 milyard manata çatmışdır. ÜDM-in 66.7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 53.4 faizi sənayedə, 7.3 faizi inşaat kompleksində, 6.0 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27.4 faiz, o cümlədən nəqliyyatda 6.2 faiz, ticarət və pullu xidmətdə 8.4 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 11.1 faiz təşkil etmişdir. ÜDM-in 5.9 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2936.5 manat (3708.2 ABŞ dolları) olmuşdur.
Əlavə dəyər qeyri-neft sektorunda 8.5 faiz artmış, neft-qaz sektorunda isə 5.9 faiz azalmışdır. Neft-qaz sektorunda məhsul istehsalı keçən ilin müvafiq dövrünün səviyyəsində qalsa idi ÜDM-in artım sürəti 4.2 faiz olardı.
Ümumi daxili məhsulun tərkibində daha böyük xüsusi çəkiyə malik sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin yanvar-iyul ayları ilə müqayisədə 2.3 faiz az və ya 18.0 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 76.0 faizi mədənçıxarma bölməsində, 18.3 faizi emal bölməsində, 5.1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmişdir. 2010-cu ilin yeddi ayı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5.2 faiz azalmış, emal bölməsində 9.7 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi təchizatı bölməsində 9.4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 9.6 faiz artmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 27.7 milyon ton, qaz hasilatı 15.1 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 6.4 faiz, içki istehsalı 72.8 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 20.5 faiz, geyim istehsalı 53.4 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 27.3 faiz, kağız və karton istehsalı 46.1 faiz, poliqrafiya fəaliyyəti 3.5 faız, neft məhsulları istehsalı 4.6 faiz, kimya sənayesi məhsulları istehsalı 53.8 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 6.3 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 77.4 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı 27.8 faiz, elektrik avadanlıqlarının istehsalı 27.0 faiz, maşın və avadanlıqların istehsalı 16.5 faiz, avtomobil və qoşquların istehsalı 0.8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 0.9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 54.6 faiz artmışdır.
Yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.5 faiz çox və ya 11.7 milyard kv.saat elektrik enerjisi istehsal edilmişdir.
Sənaye məhsulu istehsalı qeyri nert-qaz sektorunda 11.6 faiz artmış, neft-qaz sektorunda isə 5.3 faiz azalmışdır. .
Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98.5 faizi, yaxud 919.7 min hektarı biçilmış və həmin sahələrdən 2268.2 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 4.8 sentner artaraq 24.7 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 4.5 min hektar qarğıdalı sahəsindən 14.9 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 503.0 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 31.3 min ton çox kartof, 709.4 min ton (55.6 min ton çox) tərəvəz, 144.8 min ton (4.0 min ton çox) meyvə və giləmeyvə, 308.0 min ton (62.8 min ton çox) bostan məhsulları, 338.1 ton (23.1 ton az) yaşıl çay yarpağı, 1168.8 ton, yaxud 212.6 ton çox tütün toplanmışdır.
Bu dövrdə 243.3 min ton, yaxud 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 5.5 faiz çox diri çəkidə ət, 941.3 min ton (8.4 faiz çox) süd, 590.6 milyon ədəd (16.8 faiz az) yumurta, 14.6 min ton (6.8 faiz çox) yun istehsal olunmuşdur.
Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 15.1 faiz, heyvandarlıq məhsulları istehsalı 4.8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 10.2 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində aparılmış işlərin yerinə yetirilməsi üçün 5.5 milyard manat məbləğində vəsaitdən istifadə edilmiş və onun 59.7 faizi və ya 3.3 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə inşaat işlərinə xərclənmiş vəsaitin həcmi 19.1 faiz, tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 6.5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 74.4 faizini və ya 4.1 milyard manatını daxili vəsaitlər təşkil etmiş və 12.6 faiz, xarici investisiyanın həcmi isə 42.9 faiz artmışdır.
Kompleksdə aparılmış tikinti işləri nəticəsində ümumi sahəsi 1017.6 min kv.metr yaşayış evləri, 1956 şagird yerlik ümumtəhsil məktəbləri, 140 yerlik klub, 25 çarpayılıq xəstəxana, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, Bakıda "Dərnəgül" Metro stansiyası, Müalicə-Diaqnostika Mərkəzi, "Kempinski Badamdar" Otel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya mərkəzi, Göyçay rayonunda Meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZDMF zavodu, Astara rayonunda Qaz-Kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu, Süd məhsulları kombinatı və Şahmat məktəbi, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda Müalicə-Diaqnostika Mərkəzi tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolunun, Kürdəmir-Ucar avtomobil yolunun, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun və İmişli-Qaravəlli-Mirili avtomobil yolunun yenidən qurulması başa çatdırılmış və s. istehsal və sosial obyektlər istifadəyə verilmişdir.
2011-ci ildə inşası davam etdirilən və yeni başlanan tikililər üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5965.9 milyon vəsaitin 1779.6 milyon manatından və ya 29.8 faizindən istifadə edilmişdir.
İlkin məlumatlara əsasən cari ilin birinci yarısında ölkəyə 3.4 milyard dollar məbləğində xarici investisiya daxil olmuş və onun 1.5 milyard dolları, yaxud 42.9 faizi neft sektoruna, 240.7 milyon dolları isə qeyri-neft sektoruna birbaşa investisiya şəklində yönəldilmişdir.
2011-ci ilin birinci yarısında ölkədə 43.8 min yeni, o cümlədən 32.5 min daimi iş yeri açılmışdır. Ümumilikdə isə 2003-cü il oktyabrın 1-dən 2011-ci il iyulun 1-nə kimi olan dövrdə 956.7 min, o cümlədən 687.3 min daimi iş yerləri yaradılmışdır. Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 78.8 faizi regionlarda, 87.4 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 115.0 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 5.0 faiz çox yük, 816.4 milyon nəfər və ya 6.7 faiz çox sərnişin daşınmışdır.
Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara göstərilmiş xidmətlərin dəyəri faktiki qiymətlərlə 664.9 milyon manat təşkil etmiş və ötən ilki səviyyədən 12.6 faiz yüksək olmuşdur.
Əhalinin gəlirləri 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 17.3 faiz artaraq 16.3 milyard manata çatmışdır. Hər nəfərə düşən gəlirlərin məbləği 15.8 faiz artaraq orta hesabla ayda 258.6 manat, ilin əvvəlindən isə 1810.2 manat təşkil etmişdir. Gəlirlərin 66.3 faizi son istehlaka yönəldilmiş, 8.0 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 23.9 faizi isə əmanətlərin və kapitalın artırılmasına istifadə olunmuşdur.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövründəki səviyyəni 32.8 manat və ya 10.3 faiz üstələyərək cari ilin yanvar-iyun aylarında 352.7 ma.nat təşkil etmişdir.
2011-ci il iyul ayının 1-i vəziyyətinə Sosial Müdafiə Fondu sistemində 1280.8 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.0 faiz artaraq 115 manata çatmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə 2011-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə 302.4 min nəfərə 12.0 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunmuşdur. Bundan başqa, ölkədə 563.5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmiş və bir nəfərə düşən əlavə məbləğ 23.14 manat təşkil etmişdir.
Əhalinin gəlirlərinin artmasını və məntiqi nəticəsi kimi onun həyat səviyyəsinin yüksəlməsini ticarət şəbəkəsindən daha çox əmtəə alınması və xidmətlərdən daha geniş istifadə edilməsi sübut edir. Yeddi ay ərzində ticarət dövriyyəsi 10.0 faiz, pullu xidmətlərin həcmi isə 8.1 faiz artaraq müvafiq olaraq 8.9 və 2.7 milyard manat təşkil etmişdir.
2011-ci ilin yanvar-iyun aylarında 138 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 9.3 faiz artaraq 17.4 milyard dollar təşkil etmişdir. Əmtəə mübadiləsinin 83.0 faizi və ya 14.5 milyard dolları uzaq xarici dövlətlərlə aparılaraq 6.1 faiz artmışdır. MDB üzvü ölkələri ilə ticarət əlaqələrinin həcmi 2.9 milyard dollar təşkil etmiş və 32.7 faiz artmışdır.
Altı ay ərzində xarici ölkələrə göndərilmiş malların məbləği 3.3 faiz azalmış və 13.1 milyard dollara bərabər olmuşdur. İxrac olunmuş malların 86.8 faizi və ya 11.4 milyard dolları uzaq xarici ölkələrə, 13.2 faizi isə MDB üzvü dövlətlərinə göndərilmişdir. Uzaq xarici ölkələrə ixrac edilmiş əmtəələrin məbləği 7.7 faiz azalmış, MDB üzvü dövlətlərinə göndərilmiş malların dəyəri isə 36.1 faiz artmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuş məhsulların dəyəri 47.1 faiz artaraq 4.3 milyard dollar təşkil etmişdir. İdxal olunmuş malların 71.5 faizi, yaxud 3.1 milyard dollarlığı uzaq xarici ölkələrdən, 28.5 faizi və ya 1.2 milyard dollarlığı MDB üzvü dövlətlərindən gətirilmişdir.
Altı ay ərzində 8.8 milyard dollarlıq, o cümlədən uzaq xarici dövlətlərlə 8.3 milyard dollarlıq, MDB üzvü ölkələri ilə isə 487.4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.6 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz bahalaşmış, xidmət tarifləri əvvəlki ayın səviyyəsində qalmışdır. İlin əvvəlindən keçən yeddi ay ərzində 2010-cu ilin müvafiq dövrünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 8.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 4.4 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2011-ci ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14.0 faiz və ya 688.1 milyon manat artaraq 5.6 milyard manata çatmışdır. Büdcə gəlirlərinin 45.7 faizi (2.6 milyard manatı) Vergilər Nazirliyi, 9.7 faizi (542.4 milyon manatı) Dövlət Gömrük Komitəsi tərəfindən yığılmışdır.
Gəlirlərin 1.1 milyard manatı və ya 19.9 faizi mənfəət vergisindən, 1.0 milyard manatı (18.2 faizi) əlavə dəyər vergisindən, 313.6 milyon manatı (5.6 faizi) əhalidən tutulan gəlir vergisindən, 174.7 milyon manatı (3.1 faizi) aksiz vergisindən, 184.6 milyon manatı (3.3 faizi) xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olmuşdur.
Altı ay ərzində büdcədən 4.9 milyard manat, yaxud 2010-cu ilin yanvar-iyun aylarına nisbətən 14.2 faiz çox vəsait xərclənmişdir. Xərclərin 35.1 faizi və ya 1.7 milyard manatı iqtisadiyyata vəsait qoyuluşuna, 11.6 faizi (564.1 milyon manatı) təhsilə, 13.8 faizi (672.9 milyon manatı) əhalinin sosial müdafiəsi və sosial təminatına sərf edilmişdir. İqtisadiyyata vəsait qoyuluşu üzrə xərclər əvvəlki ilin müvafiq dövrünə nisbətən 4.9 faiz, təhsil xərcləri 9.9 faiz, sosial müdafiə və sosial təminat xərcləri 10.2 faiz artmışdır.
Büdcənin icrasinda yaranmış 728.7 milyon manatlıq profisit ümumi daxili məhsulun 3.2 faizini təşkil etmişdir.
2011-ci il iyulun 1-nə kimi bank-kredit təşkilatları tərəfindən 9.0 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.0 faiz çox kredit verilmişdir. Kredit qoyuluşunun 35.2 faizi dövlət, 64.8 faizi isə özəl kredit təşkilatları tərəfindən həyata keçirilmiş, verilmiş kreditlərin 66.9 faizini uzunmüddətli kreditlər təşkil etmiş, ödəmə vaxtı keçmiş kreditlər isə 557.9 milyon manat olmuş və ümumi kreditlərin 6.2 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği 2010-cu ilin eyni dövrü ilə müqayisədə 34.7 faiz artaraq 3.5 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin həcmi 50.5 faiz artaraq 1.7 milyard manat, xarici valyuta şəklində qoyulmuş əmanətlər isə 22.5 faiz artaraq 1.8 milyard manat olmuşdur.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 1.13 manat, 100 Rusiya rubluna 2.82 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0.79, 1.11 və 2.78 manat təşkil etmişdir.