AZ    EN
logo
Sənaye istehsalı indeksi: MYXS üçün qısa metodologiya
I. Göstəricinin tərifi, hesablanma metodologiyası və tətbiq olunan təsnifatlar

  • Sənayedə istehsal indeksi (Sİİ) müəyyən dövr ərzində istehsal olunmuş mal və xidmətlərin həcminin digər dövrlə müqayisəsidir. İndeksdən qısa müddətli dövr ərzində istehsalın dəyişilməsinin öyrənilməsində, habelə milli hesablar sistemində aylıq və rüblük dövrilikdə makro göstəricilərin, o cümlədən ümumi daxili məhsulun hesablanmasında istifadə olunur.
  • Məhsul indeksinin hesablanması dörd mərhələ üzrə həyata keçirilir. Birinci mərhələdə yarımsahələr üzrə müqayisə edilən dövrlərdə natural-əşya ifadəsində eyni qiymətlərlə qiymətləndirilən (bazis ilinin orta illik qiymətlərilə) təmsiledici malların buraxılış həcmlərinin müqayisə edilməsi yolu ilə fiziki həcm indeksləri formalaşdırılır. İkinci mərhələdə iriləşdirilmiş hər bir sənaye sahəsini təşkil edən bütün yarımsahələr üzrə indekslər iriləşdirilmiş sahələr üzrə indeksin alınması məqsədilə aqreqasiya əsasında ümumiləşdirilir. Üçüncü mərhələdə sənaye üzrə bütövlükdə fiziki həcm indeksinin hesablanması anoloji olaraq böyüdülmüş sənaye sahələri üzrə indekslərin cəmlənməsi yolu ilə aparılır. Dördüncü mərhələdə təmsilçi mallar əsasında hesablanmış sənaye məhsulu istehsalının fiziki həcm indeksinə sənaye müəssisələrinin göstərdikləri istehsal xarakterli iş və xidmətlər nəzərə alınaraq düzəlişlər və əlavələr edilir.
  • Sənaye məhsulları üzrə - Sənaye Məhsullarının Statistik Təsnifatı (beynəlxalq PRODCOM təsnifatı əsasında hazırlanmş milli təsnifat) və sənaye fəaliyyəti üzrə - İqtisadi Fəaliyyət Növləri Təsnifatının yeni versiyaları (beynəlxalq NACE, İSİC təsnifatları əsasında hazırlanmış milli təsnifat) tətbiq olunur.

II. Məlumatların əhatəliliyi

  • Hesablamanı aparmaq üçün bütün sənaye altsahələrə, hər bir sahə isə öz növbəsində yarımsahələrə (İFNT üzrə üç işarə səviyyəsində) bölünür. İndeksin hesablanmasında bütün sənaye sahələri iştirak edir.
  • Hər bir yarımsahəyə uyğun yaradılmış təmsilçi malların (hər sahədə ən azı 70% paya malik olan məhsul növləri üzrə olmaqla hər ay 400-dən çox sənaye məhsulu üzrə) səbəti əsas götürülür.

III. Uçot qaydaları

  • Sənaye müəssisələrinin fəaliyyəti başdan-başa statistika müşahidəsinə əsaslanır.
  • Müəssisələr faktiki fəaliyyət göstərdiyi ərazi üzrə uçota alınır.

IV. Baza göstəricilərinin xarakteristikası

  • Sənaye məhsulunun indeksi hesablanarkən istehsal olunmuş məhsul növləri üzrə natura məlumatlarına əsaslanır və sonradan mərhələlər üzrə sahə və ümumi sənaye indekslərinə aqreqasiya edilməklə hesablanır. Aqreqasiya zamanı bazis dövrünün “əlavə dəyər” göstəricisindən istifadə olunur. Sahənin strukturunda ciddi dəyişiklik baş verdiyi hallarda baza dövrünün çəkilərində müvafiq düzəlişlər aparılır.
  • Aylıq məhsul indeksində orta və iri müəssisələrin (işçilərinin sayı 1-49 nəfər və illik dövriyyəsinin həcmi 500 min manatdan çox olan 726 müəssisə üzrə) istehsal etdikləri məhsulların müşahidəsi nəticəsində alınan məlumatlar, rübdə və ildə bir dəfə isə bütün sənaye müəssisələrinin (2800 müəssisə üzrə) məlumatları əhatə olunur.
  • Məlumatlar rəsmi statistika hesabatlarında əks olunur və uçot vahidləri tərəfindən poçtla yaxud birbaşa yerli statistika orqanlarına təqdim olunur və yerli statistika orqanları məlumatları e-poçt vasitəsilə Dövlət Statistika Komitəsinə ötürürlər. Az sayda müəssisələr hesabatı e-poçt vasitəsilə təqdim edir.

V. Məlumatların hazırlanması təcrübəsi və digər aspektlər

  • İndekslərin hesablanması üçün baza indekslərinin aqreqasiyalaşdırılması qaydasından (Laspeyres indeksi) istifadə olunur.
  • Aylıq məlumatlarda bütün müəssisələrdən hesabat alınır. Nadir hallarda hesabat məlumatları boş buraxıldıqda və ya hesabat təqdim edilmədikdə əvvəlki ay üzrə məlumatlar götürülür. Avtomatlaşdırılmış şərti hesablamalar qaydaları, imputasiya metodları tətbiq edilmir.
  • Sənayenin sahələri – B, C, D və E seksiyaları üzrə mövsümilik amili nəzərə alınmaqla düzəlişlər aparılır.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim