image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri ilə görüşüb

03.10.2017

Oktyabrın 3-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak ilə görüşüb.

Görüşdə əsas məqsəd “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrlə bağlı statistika sahəsində potensialın artırılması istiqamətində texniki əməkdaşlığa dair məsələlərin müzakirə edilməsi olub.

Qonağı salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl olaraq həyata keçirilən islahatlar fonunda dinamik inkişafın əsas faktorları hesab edilən dayanıqlı inkişaf məqsədlərinə nail olmanın statistik informasiya dəstəyindən danışıb. Ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafına, eyni zamanda ərzaq və qida təhlükəsizliyinə böyük önəm verdiyini, bu sahədə son illərdə mühüm qərarların qəbul edildiyini diqqətinə çatdırıb. Bütün sahələrdə dayanıqlı inkişafın təmin olunmasında informasiya təminatının təkmilləşdirilməsinin zəruriliyinə toxunan Komitə sədri “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn məsələlərlə bağlı yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə statistik məlumatların işlənilməsində Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələr, statistika infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı görülən işlər, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə təsdiq edilmiş Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlər barədə qonağa ətraflı məlumat verib.   

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak səmimi görüşə görə məmnunluğunu bildirib. Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatı sahələrində böyük potensiala malik olduğunu və son illər ərzində burada mühüm nailiyyətlərin əldə olduğunu deyib.

Qeyd olunub ki, Dövlət Statistika Komitəsinin nümayəndələri mütəmadi olaraq FAO-nun dəstəyi ilə təşkil olunan seminar-müşavirələrdə fəal iştirak edir, FAO-nun tərtib etdiyi “Ərzaqdan istifadə”yə dair sorğu cədvəlləri, eləcə də kənd təsərrüfatının müxtəlif sahələri üzrə məlumatlar mütəmadi olaraq təqdim edilir.

Görüşdə Dövlət Statistika Komitəsi ilə FAO arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə inam ifadə olunub, gələcək əməkdaşlıq prespektivləri müzakirə edilib.