image

Dövlət Statistika Komitəsində ötən ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası keçirilib.

03.02.2017

Fevralın 3-də Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası, Dövlət Statistika Komitəsinin ötən ildəki fəaliyyəti və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib.

İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, dünyada davam edən dərin siyasi, hərbi və iqtisadi böhran fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının davamlılığı təmin edilib.  Komitə sədri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət orqanları qarşısında qoyulmuş vəzifələrdən irəli gələn məsələləri diqqətə çatdırıb.

İclasda qeyd edilib ki, Dövlət Statistika Komitəsi ölkədə rəsmi statistika siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi, statistika orqanları tərəfindən istehsal edilən statistik məlumatların müasir tələblərə uyğun hazırlanmasını, statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini 2016-cı ildə də diqqət mərkəzində saxlamışdır. Komitə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2016-cı il üçün statistik işlər proqramı, habelə metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirib.

2016-cı ildə statistika sistemində aparılmış struktur islahatları, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və s. istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirləri və yerli statistika orqanlarının rəhbərləri çıxış ediblər. 

 Sonda iclasa yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və Dövlət Statistika Komitəsi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün qurumun struktur bölmələrinə konkret tapşırıqlar verib və qeyd edib ki, ölkədə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistikaya tələbatı daha da artırıb və statistika sahəsində dövlətin müəyyən etdiyi siyasətə xidmət etmək, yüksək etimadı doğrultmaq, ictimaiyyətdə və istifadəçilərdə statistikaya inamı yüksəltmək, onlarla qarşılıqlı əməkdaşlığın daha müasir formalarına nail olmaq statistika orqanları qarşısında duran ən başlıca vəzifələrdəndir.

 03.02.2017