İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında

19.04.2016

2016-cı ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,0 faiz bahalaşmışdır.
2016-cı ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,5 faiz bahalaşmışdır. Ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, balqabağın, sarımsağın, spirtli içkilərin qiymətlərində bahalaşma, mal və qoyun ətinin, yumurtanın, kələmin, göyərtinin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, kartofun, soğanın, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Mart ayında fevral ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, məişət cihazlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72