Haqqımızda


demo-image

... Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır... Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir.

Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında beşillik dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 4 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2013-2017-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2012-ci il 21 dekabr tarixli, 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsinə başlanmışdır.

Hazırda Dövlət Statistika Komitəsi sistemi Mərkəzi Aparatdan, Naxçıvan MR Dövlət Statistika Komitəsindən, Bakı Şəhər Statistika İdarəsindən, 83 rayon (şəhər) statistika idarəsindən (şöbəsindən) və Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan – Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindən, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzindən və Tədris Mərkəzindən ibarətdir.

© 2002-2017 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Saytın tam versiyası